Qax rayonunda gürcü və azərbaycanlıların vəhdət rəmzi olan Kürmükoba bayramı qeyd olunub

Mayın 6-da Qax rayonunda həm azərbaycanlıların, həm də gürcülərin birgə bayramı olan Kürmükoba Bayramı qeyd olunub. Bayramda dini mənsubiyyətindən asılı olmayaraq hər bir qaxlı iştirak edib. Bayram günü Kürmük məbədi ziyarət olunub.

Əslən Qax rayonundan olan tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov ənənəsinə sadiq qalaraq, bu dəfə də bayram mərasimində yaxından iştirak edib və qaxlıları Kürmükoba Bayramı münasibətilə təbrik edib.

Kürmükoba Bayramının qardaşlıq və sülh bayramı olduğunu deyən Əhməd Şahidov multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu bildirib və Qax rayonunu Azərbaycanda birgə yaşayışın parlaq örnəyi adlandırıb.

Qeyd edək ki, Kürmükoba bayramının adı onun yerləşdiyi ərazi ilə bağlıdır. Keçmişdə bu məbədin ən böyük ziyarətgahlardan biri olduğu və yerli əhalinin də burada mövsümi bayram kimi Kürmükoba Bayramını qeyd etdiyi deyilir. Ziyarətə yerli sakinlərdən başqa, yaxın bölgələrdən, eləcə də Gürcüstandan gələn zəvvarlar da qoşulur. Ziyarət günü məbədə gələnlər Allaha sitayiş və dualar edir, şamlar yandırır, qurbanlar kəsirlər. Zəvvarlar məbədin yaxınlığında yerləşən qədim daşın üzərinə arzularını söyləyərək şam yandırırlar.

Bu yazını Facebookda şərh et