Qaxda “Kainatın sirrini kitablar açar” adlı Oxu Bayramı keçirilib

Ümummilli lider Heydər Əliyev dönə-dönə xatırladırdı ki, kitab bəşəriyyətin tərəqqisinin ən böyük vasitələrindən biridir. Kitabxanalar xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, bilik, zəka, mənəviyyat mənbəyidir.

Bu fikirlər Ulu Öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə mayın 1-də Qaxda keçirilən “Kainatın sirrini kitablar açar” adlı Oxu bayramında səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə bayramın keçirildiyi “İçəribazar” tarix-mədəniyyət kompleksinin ərazisində təşkil edilən kitab sərgiləri ilə tanış olublar.

Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə baş məsləhətçisi Dilarə Əzizova, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Güllü Əhmədova və başqaları çıxış edərək, mədəniyyətimizin hamisi kimi tanınan ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışıb, bilik mənbəyi olan kitabın geniş təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıblar.

Bildirilib ki, kitablar kainatın sirlərini özündə əks etdirən, ətraf aləmdə baş verən proseslərdən xəbərdar edən sonsuz məlumat mənbəyi, bütün elmlərin açarını özündə gizləyən sirli bir xəzinədir. Elə xəzinə ki, elmə, biliyə, mədəniyyətə, tərbiyəyə gedən yola işıq salır.

Diqqətə çatdırılıb ki, 33 kitabxana filialını özündə birləşdirən Qax rayon MKS-nin fondlarında hazırda 297 min 639 nüsxə kitab var. Kitabxana filialları il ərzində 23 mindən çox oxucuya xidmət göstərir.

Tədbirdə məktəblilərin ifasında Ulu Öndərə, vətənpərvərlik mövzusuna həsr edilən şeirlər ifa olunub. İncəsənət Məktəbinin rəqs kollektivinin çıxışı hər kəsdə xoş ovqat yaradıb.

Qax, 1 may, Mustafa Dadaşov, AZƏRTAC

Bu yazını Facebookda şərh et