“Erməni diversantın atasının Elvin İbrahimovla görüşməsi rəsmi Yerevanın təxribat cəhdidir” – Əhməd Şahidov

Xəbər verildiyi kimi, Martın 22-də erməni diversant Karen Kazaryanın atası Armen Kazaryan Ermənistanda saxlanılan azərbaycanlı əsir Elvin İbrahimovla görüşüb. Ermənistanın əsir, girov və itkin düşmüş şəxslərlə əlaqədar dövlət komissiyasından erməni mətbuatına verilən məlumata görə, Armen Kazaryan azərbaycanlı əsir Elvin İbrahimovun səhhəti və saxlanma şəraiti ilə maraqlanıb.

Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatda olan Elvin İbrahimovla yerli və xarici hüquq müdafiəçilərinin, jurnalistlərin və ya diplomatik korpus nümayəndələrinin deyil, məhz Karen Kazaryanın atasının görüşməsi şübhəli məqamlardan xəbər verir. Məsələ ilə bağlı Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzinin koordinatoru Əhməd Şahidovun fikirlərini öyrəndik. Əhməd Şahidovun sözlərinə görə, bucür görüş barədə xəbər yaymaqla rəsmi Yerevan erməni terrorçunun azərbaycanlı mülki şəxslə eyniləşdirilməsinə çalışır: “Bu, Ermənistan tərəfinin açıq təxribat cəhdidir. Çünki, Elvin İbrahimov ruhi dispanserdə qeydiyyatda olan xəstədir. Onun təcili müalicəyə ehtiyacı var. O, şüurlu şəkildə sərhədi keçməyib, sadəcə psixi pozğunluğun nəticəsində qeyri-iradi şəkildə düşmən tərəfdə özünü tapıb. Erməni əsgərlər isə onu ayağından yaralayaraq əsir götürüblər. Cenevrə Konvensiyası da daxil olmaqla, bütün beynəlxalq hüquqi normativlər Elvin İbrahimovun dərhal azadlığa buraxılmasını tələb edir və rəsmi Yerevan da bunu yaxşı anlayır.”

Əhməd Şahidovun sözlərinə görə, erməni diversant Karen Kazaryanın azərbaycanlı əsir Elvin İbrahimovla eyniləşdirilməsi əslində onların dəyişdirilməsi niyyətindən xəbər verir: “Bu, əsla yolverilməzdir. Ermənistan bir terrorçunu ruhi xəstə ilə dəyişdirmək niyyətindədir. Karenin atası Armen Kazaryan azərbaycanlı əsir Elvin İbrahimovla görüşdə özünü sülhsevər kimi təqdim edir, guya Elvinin tezliklə sağalmasını diləyir və dərhal öz oğlu barədə söz açır, guya Karenin də ruhi xəstə olduğunu və qeyri-iradi Azərbaycan ərazisinə keçdiyini deyir. Bununla gələcəkdə Karen ilə Elvinin dəyişdirilə biləcəyi mesajını verməyə çalışır. Maraqlıdır ki, artıq beşinci ildir erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bircə dəfə də olsun görüşülməyib, heç bir dənə foto və ya video yayılmayıb erməni tərəfindən. Karen Kazaryanın atası bu müddət ərzində heç cəhd edibmi Dilqəm və Şahbazla görüşməyə?! Bəs necə oldu ki, Elvin İbrahimovla görüşə bilib?!”

Bucür məlumatların təxribat xarakterli olduğunu deyən hüquq müdafiəçisi Azərbaycan tərəfinin mövqeyinin dəyişilməz olduğunu da qeyd edib: “Ermənistan tərəfi bucür təxribat xarakterli görüş imitasiyası ilə terrorçu Kareni mülki şəxs Elvinlə dəyişdirmək istəyir. Bu, mümkünsüzdür. Çünki, Karen Kazaryan Azərbaycanda terror aktları törətməyi planlaşdırıb. Onun bu planı məhkəmədə tam sübuta yetirilib və özü də etiraf edici ifadələr verib. Əgər söhbət əsir və girovların dəyişdirilməsindən gedirsə, Azərbaycanın mövqeyi ortadadır və dəyişilməz olaraq qalır. Əsir və girovlar yalnız və yalnız “Hamının hamıya” prinsipi ilə dəyişdirilə bilər. Ermənistan tərəfi də bunu bilsin.”

Qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari il mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Respublikası Noyanberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.

E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər.

E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.

Bu yazını Facebookda şərh et