Əhməd Şahidov Tbilisidə keçirilən beynəlxalq forumda Mixail Avaqyana abidə ucaldılmasına etiraz edib

Fevralın 13-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Şərq Tərəfdaşlığı ölkələrinin qatıldığı “Şərq Tərəfdaşlığı ölkələrində dezinformasiya və yalan təbliğatı” mövzusunda beynəlxalq forum keçirilib. Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, Polşa, Çexiyadan gəlmiş dövlət və hökumət nümayəndələrinin, habelə Avropa institutlarının nümayəndələrinin və media mənsublarının iştirak etdiyi toplantıda münaqişə zonalarında dezinformasiya və yalan təbliğatı mövzusunda çıxışlar dinlənilib.

Beynəlxalq forumda iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, azərbaycanlı qaçqın və məcburi köçkünlər barədə danışıb, habelə azərbaycanlı əsir və girovlarla bağlı həqiqətləri çatdırıb.
Çıxışı zamanı Gürcüstan nümayəndələrinə müraciət edən hüquq müdafiəçisi Əhməd Şahidov Yanvarın 20-də Gürcüstanın Axalkalaki bölgəsində erməni terrorçu Mixail Avaqyana abidə ucaldılması məsələsindən təəssüf hissi keçirdiyini və bu kimi addımların iki ölkə arasındakı münasibətlərə xələl gətirdiyini bildirib: “Ötən ayın 20-də, Azərbaycan xalqının hüznlü günündə qonşu Gürcüstandan məyus edici bir xəbər aldıq. Axalkalaki bölgəsində erməni terrorçu Mixail Avaqyana abidə ucaldıldı. Bu, həmin şəxsdir ki, 1992-ci ilin Fevral ayında Azərbaycan xalqına qarşı törədilən Xocalı soyqırımında yaxından iştirak edib və yüzlərlə günahsız insanın qətlində əli var. Azərbaycan haqlı olaraq, Gürcüstanın bu addımından böyük təəssüf hissi keçirməkdədir.”
Qeyd edək ki, azərbaycanlı hüquq müdafiəçisinin bu sözlərinə Gürcüstan nümayəndələri tutarlı cavab verə bilməyiblər.

Bu yazını Facebookda şərh et