“Gürcüstan ikitərəfli münasibətlərə xələl gətirəcək addımlardan çəkinməlidir” – Əhməd Şahidov İranın “Səhər” Televiziyasına danışıb

20 Yanvar tarixində Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Dağlıq Qarabağ müharibəsində iştirak etmiş Mixeil Avagyanın abidəsi ucaldılıb. Bu fakt Azərbaycan ictimaiyyətində haqlı narazılıqlara səbəb olub.

Məsələ ilə bağlı İranın “Səhər” Televiziyasına müsahibə verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Gürcüstan hökumətinin ikitərəfli münasibətlərə xələl gətirəcək addımlardan çəkinməli olduğunu deyib: “Gürcüstan qonşuları ilə münasibətləri özü müəyyənləşdirir. Ermənistanla da münasibətlər qurmaqda sərəbəstdir. Lakin Gürcüstanın iqtisadi və sosial cəhətdən ayaqda qalmasında əhəmiyyətli rol oynayan Azərbaycanla münasibətlərə xələl gətirəcək addımlardan çəkinməlidir. Azərbaycan hər zaman Gürcüstanı dəstəkləyib, 2008-ci ildə Rusiya ilə müharibə şəraitində olanda və ondan əvvəlki dönəmlərdə, hər zaman Azərbaycan qonşu gürcü xalqına yardım əli uzadıb. Bugün Azərbaycan Gürcüstanın iqtisadiyyatına ən çox yatırım edən ölkədir. Azərbaycanın Dövlət Neft Şirkəti Gürcüstanın dövlət büdcəsinə ən çox verdi ödəyən şirkətdir. Gürcüstanda sosial-mədəni və humanitar layihələrə təmənnasız yatırımlar edən ölkədir Azərbaycan. Bütün bunların qarşılığında Azərbaycan xalqı üçün hüznlü bir gündə, məhz 20 Yanvar tarixində və Azərbaycan xalqının qanına əlini bulamış bir müharibə canisinin abidəsini ucaltmaq qətiyyən qəbul edilməzdir.”

Bu yazını Facebookda şərh et