“Əsir və girovlar yalnız “hamının hamıya” prinsipi ilə dəyişdirilə bilər” – Azərbaycanın mövqeyi dəyişmir

Ötən gün qondarma “dağlıq qarabağ respublikası”nın xarici işlər nazirliyinin mətbuat katibi Artak Nersisyan erməni mətbuatına verdiyi açıqlamada bildirib ki, Azərbaycan tərəfinin əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi ilə bağlı təklifinə razı olmasalar da, azərbaycanlı girov Elnur Hüseynzadənin azadlığa buraxılması məsələsinə baxıla bilər. Qondarma rejiminin rəsmisi etiraf edib ki, Elnur Hüseynzadə heç bir cinayət törətməyib və bu baxımdan onun azadlığa buraxılması mümkün görünür.

Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzinin koordinatoru Əhməd Şahidov REAL Televiziyasına müsahibəsində qondarma rejim nümayəndəsinin bu açıqlamasını daxili auditoriyaya yönəlmiş manipulyasiya adlandırıb və Azərbaycanın rəsmi mövqeyinin dəyişilməz qaldığını deyib: “Bu, Ermənistan cəmiyyətində erməni diversantlarla bağlı artmaqda olan narahatçılıq dalğasını yatırmaq və beynəlxalq təşkilatlara humanist görünməyə yönəlmiş bir açıqlamadır. Erməni tərəfi azərbaycanlı mülki girovları “cinayətkar” adlandıraraq, erməni kəşfiyyatçı diversantları mülki “ruhi xəstələr” kimi təqdim etməyə çalışır ki, bu da onların saxta mahiyyətini bir daha ortaya qoymuş olur. Əslində erməni rəsmiləri hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Karen Kazaryana görə narahatdırlar və hər vəchlə onu geri almağa çalışırlar. Karen Kazaryan peşəkar diversantdır və Azərbaycan əleyhinə kütləvi cinayətlərdə ittiham olunur, onun cinayətlərinin sübuta yetirilməsi zaman məsələsidir.”
Azərbaycan tərəfinin irəli sürdüyü “hamının hamıya” prinsipinin dəyişilməz qaldığını deyən Əhməd Şahidov rəsmi Bakının bu məsələdə bir addım da geri çəkilməyəcəyini deyib: “Azərbaycanın rəsmi mövqeyi ortadadır. “Hamının hamıya” prinsipi son və qəti mövqeyimizdir. Ermənistan tərəfi öz diversantlarını geri almaq istəyirsə, bu prinsiplə razılaşmalı olacaq. Azərbaycan bundan sonra da mübarizəsini davam etdirəcək.”

Bu yazını Facebookda şərh et