“Ermənistan əsir və girovların dəyişdirilməsi məsələsində qərarsız qalıb” – Əhməd Şahidov REAL Televiziyasına danışıb

Ermənistan beynəlxalq hüquqa dair Cenevrə Konvensiyaları və onlara əlavə edilmiş protokollara zidd olaraq, növbəti dəfə humanizm prinsiplərinə əməl etməkdən yayınır. Bu ölkənin baş naziri Nikol Paşinyanın əsir və girovların dəyişdirilməsi ilə bağlı Azərbaycan tərəfinin təklifinə aqressiv reaksiya verməsi belə deməyə əsas verir.

Məsələ ilə bağlı REAL Televiziyasına açıqlama verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Ermənistan hakimiyyətinə beynəlxalq təzyiqlərin bir qədər də artırılacağını qeyd edib: “Beynəlxalq İşçi Qrupunun əsir və girovların dəyişdirilməsi ilə bağlı təklifinə rəsmi Bakı müsbət cavab verib və “Hamının hamıya” prinsipini ilkin şərt olaraq irəli sürüb. Ermənistan tərəfi isə hələlik konkret cavab verməkdən yayınır. Ermənistanın baş naziri Nikol Paşinyanın bu təklifə aqressiv reaksiya verməsi onun siyasi portretindən irəli gəlir. Düşünürəm ki, Ermənistan əsir və girovların dəyişdirilməsi məsələsində qərarsız qalıb. İstənilən halda bu, Ermənistan tərəfinin yekun qərarı kimi qəbul edilə bilməz. Və biz mübarizəmizi davam etdiririk və Ermənistan hakimiyyətinə beynəlxalq təzyiqləri bir qədər də artıracağıq”.

Bu yazını Facebookda şərh et