“11 Aprel seçkiləri Azərbaycanın demokratik dəyərlərə sadiqliyini bir daha göstərdi” – Əhməd Şahidov ATƏT-in Varşava Sammitində çıxış edib

Sentyabrın 10-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Sammiti öz işinə başlayıb. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.

Sammitin ilk günündə “Demokratik institutlar, demokratiya və seçkilər” mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Cənubi Qafqaz ölkələrində mövcud demokratik durumu dəyərləndirib, həyata keçirilən demokratik islahatlar və ötən seçkilər barədə məruzə edib. Azərbaycanda keçirilmiş 11 Aprel Prezident seçkiləri barədə geniş danışan hüquq müdafiəçisi seçki prosesinin ilk günündən rəsmi nəticələr elan olunana qədər bütün mərhələlər barədə ətraflı məlumat verib və Azərbaycandakı Prezident seçkilərinin azad, şəffaf və demokratik keçdiyini bildirib: “11 Aprel seçkiləri Azərbaycanın demokratik dəyərlərə sadiqliyini bir daha göstərdi. Azərbaycan xalqı bir daha öz iradəsini ortaya qoydu. Minlərlə yerli və xarici müşahidəçilərin yaxından izlədiyi bu seçkilər ötən seçkilərlə müqayisədə demokratiyaya doğru atılmış böyük addımdır”.

Daha sonra Ermənistanda keçirilən Parlament seçkiləri barədə də danışan ADİHİ rəhbəri Əhməd Şahidov kütləvi saxtakarlıqlara yol vermiş Serj Sarkisyan hakimiyyətinin Ermənistanda haqlı etirazlara səbəb olduğunu və demokratik inqilabın baş verdiyini açıqlayıb: “Bugün Ermənistanda Serj Sarkisyan hakimiyyəti artıq yoxdur. İllərdir erməni xalqını gərəksiz müharibəyə cəlb edən, Ermənistanı səfalət və korrupsiyaya batıran bir rejim bitib. Ermənistanın yeni hakimiyyəti daha demokratik və praqmatik görünür. İnanıram ki, Nikol Paşinyan hökuməti Ermənistanın həqiqətən də müstəqil olmasına çalışacaq, regionda sülhə və barışa nail olmaq üçün qonşuları ilə konstruktiv danışıqlar yolunu tutacaq və beynəlxalq hüquq normalarına hörmətlə yanaşacaq.”

PS. ATƏT üzvü olan ölkələrin qatıldığı İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi Avropada hər il keçirilən ən böyük insan haqları və demokratiya konfransıdır. Hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi tərəfindən təşkil olunan bu toplantı ATƏT üzvü olan 57 ölkə, Əməkdaşlıq üzrə ATƏT Tərəfdaşları, ATƏT-in müxtəlif strukturları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər müvafiq şəxslərin bir araya toplaşdığı, ATƏT-in insan haqları üzrə vəzifələrinin qiymətləndirildiyi, habelə mövcud problemlərin müzakirə edildiyi, faydalı təcrübələrin paylaşıldığı və gələcək inkişaf üçün qərarların verildiyi yeganə platformadır.

Bu yazını Facebookda şərh et