“Erməni diversantların əsir düşməsi Ermənistanı çətin duruma salıb” – Əhməd Şahidov azərbaycanlı girovlardan danışıb

İyulun 15-də səhər saatlarında Ermənistanın kəşfiyyat-diversiya qrupu Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb. Əsir götürülən şəxs 1984-cü il təvəllüdlü Karen Kazaryandır. Hadisə zamanı Azərbaycan ordusunun bölmələri itki verməyib.

Ermənistanın müdafiə naziri, eyni zamanda Əsir və Girov Götürülmüş, İtkin Düşmüş Şəxslər üzrə İdarələrarası Komissiyanın sədri David Tonoyan hadisədən dərhal sonra Karen Kazaryanın geri qaytarılmasının təşkili üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan ofisinə müraciət edib.

Artıq Azərbaycanın əlində ikinci erməni diversant var. Qeyd edək ki, 2014-cü il dekabrın 26-da Arsen Baqdasaryan qoşunların təmas xəttində Azərbaycan ordusu tərəfindən tutulub. Məhkəmənin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. O, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın əmri ilə Azərbaycana qarşı cinayət törətdiyini etiraf edib.

Bəs azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanda həbsdə olan erməni diversant Arsen Baqdasaryan və yeni əsir götürülən Karen Kazaryanla dəyişdirilməsi mümkündürmü? Bununla bağlı Azad Azərbaycan Televiziyasına müsahibə verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov erməni diversantların əsir düşməsinin Ermənistanı çətin duruma saldığını söyləyib: “Artıq hesablar bərabərdir. Bugün azərbaycanlı mülki girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin iki erməni hərbi kəşfiyyatçısı Arsen Baqdasaryan və Karen Kazaryanla dəyişdirilməsi barədə danışıqlara başlamaq olar. Düşünürəm ki, bu məsələdə ilk növbədə Ermənistan tərəfi maraqlı olmalıdır. Çünki, Dilqəm və Şahbaz yaşlı mülki insanlardır. Arsen və Karen isə gənc və peşəkar hərbi kəşfiyyatçılardır. Azərbaycan tərəfinin hələ bir-neçə ay bundan əvvəl əsirlərin dəyişdirilməsi ilə bağlı çağırışı bugün də aktualdır. Düşünürəm ki, Ermənistanın yeni hökuməti bu məsələdə daha praqmatik düşünəcək və əsirlərin dəyişdirilməsinə adekvat cavab verəcəklər. Yaxın vaxtlarda bu məsələnin öz həllini tapacağına inanıram.”

Bu yazını Facebookda şərh et