2010 DÜNYANI SİLKƏLƏDİ…

2010 DÜNYANI SİLKƏLƏDİ…

Ana Sayfa » Yazılar » 2010 DÜNYANI SİLKƏLƏDİ…
…amma biz yenə ayıla bilmədik!
2010-cu il… Astroloqların dili ilə desək, Pələng ilini də yekunlaşdırdıq. Bilmirəm nədəndir, amma insan qəribə məxluqdur. Nə olursa, olsun, həmişə arzular, ümidlər və gözləntilərlə yaşayır həyatda. Əgər bunlar olmursa, deməli o insan heç yaşamır. Yadımdadır, düz bir il bundan əvvəl, 2009-cu ilin dekabr ayının sonlarında yenə bir qədər gələcək barədə fikirləşirdim. Həm özüm barədə, həm ailəm barədə, həm də ki, mənsub olduğum ölkə, millət və dövlət barədə müəyyən planlarım, arzularım, hətta istəklərim var idi.

Fikirləşirdim ki, şəxsi həyatımda müəyyən dəyişiklər baş versin – təhsil, elm, karyera sahəsində bir qədər irəliyə addım ata bilim. Gözümün önündə Moskva kimi böyük şəhərdə ali təhsil almaq, dəvət olunduğum elmi konfranslarda uğurla çıxış etmək, illərdir yazdığım elmi və publisistik kitablarımın nəhayət ki, dərc olunması dururdu… amma təkcə bunları fikirləşmirdim. Valideynlərimin təkidlə ailə qurmağımı istəməsi də bir tərəfdən planlarımı tələsdirirdi. 2010-cu ilin elə ilk günlərindən qollarımı çırmalayıb, həyata atıldım. İlk görəcəyim iş Moskvada qəbul olunduğum Rusiya Federasiyası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almağım dururdu. Yanvarda dərslərimiz başladı, martın sonlarına kimi uğurla təhsilimi davam etdirib, bütün imtahanlardan “əla” qiymətlər alıb, Vətənə döndüm. Qəribəsi o oldu ki, bütün fənnlərdən “5” qiymət alan Əhməd nədənsə mükəmməl bildiyi Kibernetikadan “3” qiyməti aldı. Buna özüm də təəccüb elədim. Yenə rus şovinizmi burada özünü göstərdi. Millətçi bir rus müəllimi Kibernetika sahəsində heç bir praktiki əhəmiyyəti olmayan sual verərək, məni susmağa məcbur etdi və qiymət kitabçama “3” qiymətini yazdı. Olsun! Boloniya sistemidir, növbəti illərdə həmin qiyməti düzəltmək imkanım var, deyib ruhdan düşmədim. Amma Moskvada təhsil almağımın digər müsbət cəhəti orada çoxlu sayda dostlar qazanmağım oldu. Həyata baxışlarım da dəyişməyə başladı. Rusların, ermənilərin, çeçen və ləzgilərin, habelə digər xalqların xüsusiyyətlərini daha dərindən qavramağa başlayırdım. Amma bu, son deyil… təhsilim hələ 2014-ə qədər davam edəcək. Amma bir üzücü cəhət odur ki, hələ 5 il Novruz bayramını Vətənda qeyd etmək nəsib olmayacaq mənə. Bayram günləri Moskvada olacam.

Martın sonlarında Bakıya gəldikdə artıq başqa Əhməd olduğumu hiss edirdim. Qarşıda çoxlu sayda elmi konfranslarda çıxışlarım gözlənilirdi. Necə deyərlər, 2009-cu ilin dekabrında planlaşdırdığım işləri bir-bir həyata keçirməkdə idim. Artıq həyatda elm, təhsil, mənəviyyat ilə pul, var-dövlət arasında fərqin və seçimin mahiyyətini anlayırdım. Pulum olmasa da, yaxınlarımın köməkliyi ilə elmi konfranslara qatılmaq barədə qərar vermişdim. Bir-birinin ardınca Kosovo, Çernoqoriya, Albaniya, Xorvatiya, Makedoniyada, habelə Türkiyənin Manisa, Çanaqqala şəhərlərində beynəlxalq elmi sempozyumlarda çıxışlarım oldu. Bütün bunlar mənim həyatımda silinməz izlər sala-sala gedirdi. Yeni tanışlıqlar, yeni akademik dostlar qazanmaqda idim. Çevrəm daha intellektual insanlarla zənginləşirdi.
Yay aylarında da heç darıxmadım. Türkiyədə kifayat qədər istirahət edə bildim. Sentyabr ayından isə həyatımda daha məsuliyyətli bir dövr başladı… müəllimliyə başladım. 11 il təhsil aldığım Bakı Slavyan Universitetinə bu dəfə müəllim kimi qədəm qoydum. Açığını desəm, bir qədər qorxu və məsuliyyət var idi içimdə… bacarmaram, deyə əndişə keçirirdim. Amma hər şeyin həyatda nə qədər asan olduğunu daxilimdə sübut etmişdim. Bir vaxtlar alim olmaq, elmi dərəcə qazanmaq kimi çətin və şərəfli mərhələni keçəcəyimi də düşünəndə narahat idim. Amma addım-addım məqsədə yaxınlaşdıqca, hər şeyin insanın öz əlində olduğu qənaətinə gəlirdim. Bir müəllim kimi tələbələrimdən çox razıyam. Hamısı kifayət qədər savadlı və bişmiş insanlardır. Hətta müəyyən məqamlarda özümün onlara layiq olub-olmadığım barədə tərəddüdlər də keçirirdim. Amma müəllim kimi auditoriyaya daxil olduqda, hər hansı tələbənin davranışında kiçik bir xətanı görəndə, bir vaxtlar mənim özümün bundan da böyük səhvlərə yol verdiyimi və öz müəllimlərimə nə qədər əziyyət verdiyimi başa düşür və daxilimdə xəcalət çəkirdim.
2010-cu il həm də mənim həyatımda bir fəlsəfi il kimi yadda qaldı. Ona görə yox ki, bu il mən nəhayət ki, Azərbaycan dövləti tərəfindən Fəlsəfə Doktoru kimi tanındım və bu elmi dərəcəmi təsdiq edən diplomumu aldım. Bu il mən öz-özlüyümdə bir şairlik istedadımı kəşf etdim. Heç vaxt ağlıma gətirə bilmədiyim bir hadisə baş verdi məndə… Mən şeir yazmağa başladım. Düzdür, ilk şeirlərim kəskin tənqid və təhqirlərlə üzləşsə də, mən ruhdan düşmədim. Çünki, ən azından mənəvi rahatlıq tapdığımı və şeirlərimin valdeynlərim, yaxınlarım tərəfindən sevilərək qarşılandığını görürdüm və bilirdim. Artıq xeyli şeirlərim də var, düşünürəm ki, şeirlər kitabımı dərc etdirməyin tam zamanıdır. Kitabdan söz düşmüşkən, bu ilin sonlarında ilk kitabım – elmi monoqrafiyam işıq üzü gördü. Ailəmiz, yaxınlarımız, elə mənim özüm də çox sevinirdik.
2010-cu il mənim üçün daha çox düşündürücü bir il kimi yadda qaldı. Çünki, özümü düşündüyüm qədər, bəlkə də daha çox Azərbaycan adlı bir məmləkəti, xalqı, dövləti düşünməkdə idim. Haradasa narahat idim, elə indi də çox narahatam. Həm sıravi azərbaycanlının maddi-mənəvi durumu, sosial vəziyyəti, həm də Azərbaycanın inkişafı, Dağlıq Qarabağ düyününün hələ də çözülməməsi məni düşündürürdü. Azərbaycan gəncinin həyata baxışları məni düşündürürdü bu il boyu.
Odur ki, 2010-cu ildə özüm barədə qısa məlumat verib keçmək istəyirəm özümdən də çox sevdiyim Azərbaycana. Bu ilin Azərbaycan üçün uğurlu olduğunu demək istərdim, amma dilim qatlanmır nəsə. Çünki, ən azından Dağlıq Qarabağ hələ də bizim deyil və bu yaxınlara kimi bizim olacağına inamım yoxdur nəsə. Əksinə, mütəmadi olaraq, cəbhə xəttində atışma səsləri eşidilir, şəhidlər veririk. Amma yenə gözləyirik… bilmirəm nəyi?! Mübariz İbrahimovun göstərdiyi şücaət əslində bu gözlənti qatarını darmadağın etməli olduğu halda, bizləri daha da arxayın saldı… Yenə ardı-ardınca şeirlər, kitablar, əfsanələr, filmlər çəkildi o Mübariz insan haqqında. Amma mən əminəm ki, Mübariz İbrahimov bu şücaəti onun haqqında hansısa kinonun çəkilməsi üçün deyil, xalqı qəflət yuxusundan oyatmaqdan ötrü etmişdi. Amma biz yenə incəsənəti seçdik. Qılınc yenə qınında qaldı. Məni təəssüfləndirən bir də o oldu ki, Mübarizin şəhidlik zirvəsinə yüksəlməsindən öz çıxarları üçün istifadə edənlər də tapıldı, həm fərdi, həm də toplum halında. Bu il artıq siyasi İslam Azərbaycan vətəndaşının qapısını daha kəskin və sərt yumruqları ilə döyməyə başladı. Bu, Azərbaycan üçün mesaj idi. Azərbaycan separatizm və radikalizmin bir addımlığındadır. Azərbaycan böyük oyunçuların toqquşma meydanına çevrilməkdədir.
Mən əslində dinə, ibadətə qarşı deyiləm. Hətta məni tanıyanlar məni bir inanclı insan kimi xarakterizə edirlər. Allaha və Ona sitayiş edən bütün dinlərə inancım var. Müsəlmanlıq, xristianlıq, yəhudilik – bir sözlə tək Allahlığı qəbul edən bütün dinlər mənim üçün qəbul olunandır. Heç bir halda radikallığa, cinayətə, fırıldaqçılığa, separatizmə yol verilməməyin tərəfdarı olmuşam. İndi də bu fikrin daşıyıcısı olaraq qalıram. Eyni zamanda hər hansı dinin zorla qəbul etdirilməsinin də əleyhinəyəm. Amma Azərbaycanda bunun işartılarını görürük. Ölkədə həm İslam zorla qəbul etdirilir, həm də İslama qarşı zor tətbiq etdirilir. Hər iki tərəf zor, insan iradəsinə zidd fəaliyyət nümayiş etdirir. Mən inanmıram ki, Allah ona zorla inandırılanlara baxıb sevinsin. Mən İslamı sevə-sevə qəbul edirəmsə, bundan gözəl nəsə ola bilərmi, əcəba?! Qəbul etməyən isə qoy dinsizliyinin, inamsızlığının “fayda”sını görsün. Onun işinə qarışmaq, ona cəza kəsmək nə dərəcədə doğrudur axı?! Nə isə… saatlar, hətta günlərlə bitməyəcək bir mövzudur. Sözümün canı odur ki, İran başda olmaq, imperialist dövlətlər Azərbaycanda mövcud vəziyyəti öz xeyrinə dəyişməyə çalışırlar. Sadəcə Aşura günü Bakının Nardaran qəsəbəsində keçirilən mərasimlərdə səslənən “Ya Mehdi! Ya Mehdi! İraq və Əfqanıstan – Ya Mehdi! Ya Mehdi! Livandakı Hizbullah – Ya Mehdi! Ya Mehdi! Bir də ki, Şeyx Nəsrullah – Ya Mehdi! Ya Mehdi!” şüarları artıq həyəcan təbili idi. Bu, İslamdan siyasi məqsədlər naminə istifadə etməyə çalışan separatçı və terrorçu qüvvələrin Azərbaycan dövlətçiliyinə vuracağı zərbələrin ilk həmlələri idi. Bu barədə bu qədər. Çünki, Nardaran aksiyasından sonra bu mövzuda nəsə əlavə etmək yersizdir.
2010-cu il ölkəmiz üçün bir də ona görə uğursuz oldu ki, ölkə insanı öz mahiyyətini, əslində nəyə malik olduğunu 07 Noyabr seçkilərində bütün çılpaqlığı ilə nümayiş etdirmiş oldu. Seçkilərə hazırlıq dövründə bir-birinə edilən təhqirlər, özlərini demokratik qüvvələr adlandıranların eyş-işrət macəraları, televiziyadakı seçki təbliğatı çıxışlarında “ziyalılar”ın birbırçı davranışları, seçki günü özbaşınalıq və seçki öncəsi durum Azərbaycanın əslində 2010-cu ildən heç bir şey qazanmadığını göstərmiş oldu. Burada hər iki tərəf – konkret olaraq, siyasi iqtidar və siyasi müxalifət öz mövqeyini ortaya qoymuş oldu. Bütün bu faktorlar bütünlükdə Azərbaycanı bir addım da geri salmış oldu. Xarici mətbuat da hər vəchlə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmuş oldu. Nəticədə kim itirdi? Yenə də Azərbaycan, onun xalqı və vətəndaşları!
Amma yenə ümidliyik. Çünki, ümid sonda ölür deyiblər. Odur ki, Yeni İl ərəfəsində yenə sağlıqlar, tostlar deyiləcək, arzular səslənəcək. Yenə Qarabağı Allahdan istəyəcəyik, yenə bir-birimizə uzun ömür, can sağlığı diləyəcəyik. Bax, budur bizim faciəmiz! Vuruşmaq əvəzinə, Allahdan Qarabağ istəmək. Allaha inanmayıb, onun buyurduqlarına əməl etməyib, Ondan nəsə istəmək. Bax, budur bizim faciəmiz! Mənalı, dəyərli, ziyalıcasına mədəni ömür sürmək əvəzinə, hamı sadəcə uzun ömür sürmək və canının sağ olmasını istəyir. Heç kim ölmək istəmir. Hamı 100 il yaşamaq istəyir. Bu, həm faciədir, həm də arsızlıq! Allahın haram buyurduğu araq badəsini qaldırıb Allahdan nəsə diləmək! Ölmək istəməyib, Qarabağı geri istəmək!
Əslində hamımız qorxuruq ölümdən! Hamımız itirməyə qorxuruq! Amma anlamırıq ki, ölməyə bir şeyimiz yoxdur, elə itirməyə də. Çoxdan ölmüşük, özümüzü də itirmişik!
Bizdən canımızı almağa gələcək Əzrayıla nəyimizi verəcəyik, bax, bunu anlamaq istərdim. Amma mən nəsə qorxmuram ölümdən. Çünki, Allahın əmridir, bunu blirəm və razıyam bununla. Ona görə, hər dəfə Əzrayıla üzümü tutub deyirəm ki, məni bu həyatda Haqq olan ölümlə qorxutmasın, məni ölümdən də betər olan pisliklərlə qorxutsun! Mən elə bundan qorxuram və bu qorxumu bir-neçə gün bundan əvvəl yazdığım şeirimdə də bəyan etmişəm:
Əgər mənə cəza kəsmək istəsən,
Göstər mənə dostumun xəyanətin,
Əgər məni cəhənnəmin odunda,
Yandırıb, kül edib, yaxmaq istəsən
Göstər mənə namusunu, arını
Beş manata satan ananı göstər.
Göstər mənə küçələrdə dilənən,
O azyaşlı körpələri, uşağı.
Göstər mənə əxlaqsızın birinin
Çıxıb xalqa əxlaqdan danışmağı.
Göstər mənə necə yaranır sevgi,
Necə sevir insanlar bir-birini?!
Göstər mənə qəlbində nifrətini
Bəsləyib, sevirəm deyəni göstər!
Göstər mənə ailəsini millət
Evinisə Vətən sananı göstər!
Əzrayıl, sən mənə ölümü deyil,
Ölümdən də betər olanı göstər!
Vəssəlam! Çalışaq, bir az millət olaq! Heç olmasa, 2011-də…
Əhməd Şahidov
27 Dekabr 2010-cu il, saat 01:15, Bakı, Azərbaycan

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb