Əhməd Şahidovun Ölkə.az saytına eksklüziv video müsahibəsi

Əhməd Şahidovun Ölkə.az saytına eksklüziv video müsahibəsi

Ana Sayfa » Müsahibələr » Əhməd Şahidovun Ölkə.az saytına eksklüziv video müsahibəsi

olke640Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitunun rəhbəri, gənc siyasətçi Əhməd Şahidov Ölkə.Az-ın qonağı olub.

Əhməd Şahidov Ölkə.Az-ın məsul redaktoru Qafqaz Ömərov və siyasət müxbiri Səxavət Məmmədlə rəhbərlik etdiyi Qeyri-hökumət Təşkilatının fəaliyyəti, ölkədə baş verən proseslər və xaricdə Azərbaycana olan münasibət haqda səmimi söhbət edib.

Həmin söhbətin videoyazısını Ölkə.Az öz oxucularına təqdim edir:

– Salam Əhməd bəy. Redaksiyamıza xoş gəlmisiniz.

– Sağ olun, təşəkkür edirəm.

– Bildiyimiz kimi təsisçisi olduğunuz Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitunun yaranmasından 2 il keçir. Mümkündürsə, təşkilatın yaranma tarixi və onun ölkə daxilində və xaricində fəaliyyəti haqda qısa məlumat verərdiniz.

– Təşəkkür edirəm. Bütün Ölkə.Az oxucularını və izləyicilərini buradan salamlayıram. Bildiyiniz kimi ADİHİ-ni 2014-cü ildə iyun ayının 1-də Beynəlxalq Uşaqlar Günündə yaratmaq qərarına gəldik. Bu təşkilatı yaradarkən mən bir hüquqşünas kimi dostlarımla məsləhətləşdim və belə bir qeyri-hökumət təşkilatı yaratmaq qərarına gəldik. Bilirsiniz, həmin vaxtlar Azərbaycanda bu sahədə müəyyən narahatedici hallar baş verirdi, narahatedici məqamlar var idi. Bizim həmkarlarımız, hüquq müdafiəçiləri, jurnalistlər, vəkillər barədə ardıcıl məhkəmə prosesləri var idi və bu sahədə müəyyən boşluqlar var idi. Eyni zamanda, xaricdə, Avropada və Avropa institutlarında Azərbaycan haqda düzgün olmayan təsəvvür formalaşmışdı. Bu boşluğu doldurmaq üçün belə bir təşkilatı yaratmaq qərarına gəldik. Artıq 2 ildir fəaliyyətimizi davam etdiririk. Hesab edirəm ki, aradan keçən müddət ərzində müəyyən işlər görə bilmişik. Deyə bilərəm ki, Azərbaycanda vətəndaş cəmiyyətində və insan hüquqları sahəsində ADİHİ-nin rolu var.

– Əhməd Bəy, Azərbaycanda insan hüquqlarının durumu hansı vəziyyətdədir? Bir də, həmişə deyirdilər ki, Azərbaycanda siyasi məhbusların sayı çoxdur, ancaq son əvf sərəncamından sonra çox sayda insanın azadlığa buraxıldığının şahidi olduq. Bu, Avropada necə qarşılandı?

– Əgər bizim təşkilatın yarandığı günlə indiki günü müqayisə etsək, Azərbaycanda insan hüquqları sahəsində xeyli irəliləyiş var. Təbii ki, bu məhkəmə prosesləri və həbslər bir hüquq müdafiəçisi kimi bizi narahat edirdi və Avropada da Azərbaycana qarşı münasibət heç də birmənalı deyildi. İstər ATƏT olsun, İstər Avropa Şurasındakı müzakirələr zamanı rəsmi Bakı daim tənqid atəşinə məruz qalırdı. Amma bu gün baxsaq Azərbaycanda insan haqlarının vəziyyətinə, xüsusən ölkənin birinci xanımının təşəbbüsü ilə elan edilmiş amnistiya bir daha bu sahədə müəyyən pozitiv irəliləyişlərin olduğunu göstərdi. Amma yenə də narahatedici hallar var. Avropa İnsan Haqları Məhkəməsinin və Avropanın bir sıra strukturlarının qərarlarına baxmayaraq “REAL” hərəkatının lideri İlqar Məmmədov hələ də azadlığa buraxılmaylıb. Biz ümid edirik ki, Azərbaycan dövləti onun azadlığa buraxılması istiqamətində təşəbbüs irəli sürəcək. Bundan başqa həbsdə olan digər tanınmış şəxslər var, jurnalistlər var, ictimai-siyasi fəallar var. Bilirsiniz, bu siyasi məhbus məsələsi heç də deyildiyi kimi deyil. Azərbaycanda siyasi məhbus varmı, yoxdurmu desək doğru olmaz, amma keçirilən məhkəmə proseslərinə baxsaq görərik ki, heç bir kəs səsləndiyi siyasi fikirlərə görə, siyasi mövqeyinə görə həbsə atılmayıb. Amma reallıq da budur ki, ictimai fəal şəxslər üzərində məhkəmə prosesləri var və onlar hal-hazırda həbsdədirlər və bu da dünyada birmənalı qarşılanmır və Avropada Azərbaycana olan münasibətə, ölkəmizin digər sahələrdəki uğurlarına kölgə salır. Biz də ADİHİ olaraq çalışırıq ki, Avropada Azərbaycana qarşı olan qərəzli yanaşmanı bir qədər yumşaldaq. Bilirik ki, Avropada hətta olmayan əməlləri belə Azərbaycanın üstünə yıxmağa çalışırlar. Burada müəyyən Qərb dairələrinin də ikili standartları öz rolunu oynayır. Burada ermənilərin, erməni diasporunun da rolunu qeyd etməmək mümkün deyil. Erməni diasporu da burada böyük rol oynayır. Amma bütün bunlara baxmayaraq, müəyyən obyektiv məqamlar da var.

– Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə Avropada formalaşan təsəvvür barədə bilirik ki, hətta Azərbaycana qarşı sanksiyalardan belə söhbət getdi. Əhməd bəy, bayaq qeyd etdiniz ki, bu institutu təsis edəndə o məqsədlə təsis etmişdiniz ki, haradasa o məsələlərə müəyyən qədər təsir göstərəsiniz. Sizcə institutunuz fəaliyyət göstərdiyi 2 il ərzində xaricdə Azərbaycana qarşı münasibətlər dəyişib və əgər dəyişibsə, hansı istiqamətdə dəyişib?

– Doğru qeyd etdiniz, biz ADİHİ-ni təsis edəndə qarşımıza bir məqsəd qoyduq, plan cızdıq və mən Avropadakı əlaqələrimdən istifadə edərək çalışdım ki, fəaliyyətimizin 80%-ni Avropada, Avropa institutlarında təşkil edək. Çünki insan hüquqları təşkilatlarının işinə nəzər yetirsək görərik ki, onların Azərbaycandakı fəaliyyəti kifayət qədər güclüdür və bizim çox təcrübəli hüquq müdafiəçilərimiz, vəkillərimiz var. Mən bir gənc olaraq onlarla rəqabət aparacaq gücdə deyiləm və kimləsə də yarışmaq həvəsim yoxdur. Ona görə bütün diqqəti çalışdım Avropa ölkələrinə yönəldim. Əsasən də ATƏT-də, Avropa Şurasında, BMT-nin Cenevrə ofisində biz akkreditasiya olunduq və demək olar ki, bu qurumların bütün beynəlxalq tədbirlərinə dəvət olunduq. Orada mən bir şeyin şahidi oldum ki, Azərbaycan haqqında heç də doğru-dürüst təsəvvür yoxdur. Orada bir neçə səfirin, ABŞ, Norveç, Almaniya səfirlərinin səsləndirdikləri fikrin əsasında Azərbaycan haqqında rəy formalaşır. Məsələn, ATƏT-in istər Vyanada, istər Varşavada keçirilən tədbirlərində ilk öncə ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer çıxış üçün söz alır, rəsmi Bakını tənqid edir, Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə sərt fikirlər səsləndirir və bu digər ATƏT üzvü olan 57 ölkənin səfirləri üçün yol xəritəsi rolunu oynayır. Daha sonra Norveç səfiri, Almaniya, Fransa, İsveç və digər ölkələrin səfirləri çıxış edirlər və ABŞ səfirinin fikirlərini təkrarlayırlar və Azərbaycanda insan hüquqlarının vəziyyətinin dözülməz olduğunu qeyd edirlər.

– Yəni Avropadakı o mötəbər qurum Azərbaycan haqqında analiz xarakterli heç bir araşdırma aparmır və boş bəyanatlara, diplomatik kanallardan alınmış məlumatlara əsaslanaraq belə bir bəyanatlar verir?

– Heç diplomatik kanallar da deməzdim. Sosial şəbəkələrdən, internet xəbər saytlarından, xüsusən də Azərbaycanda fəaliyyət göstərən bu müxalifyönümlü xəbər saytlarından təktərəfli məlumatları götürürlər, onun üzərində bir az özlərinə məxsus tərzdə analiz aparırlar və hesabat dərc edirlər və bunu təkrar-təkrar beynəlxalq konfranslarda, tədbirlərdə səsləndirirlər. Mən qatıldığım beynəlxalq konfranslardakı çıxışlarımda dəfələrlə bizim kəlbəcərli əsirlərdən, Dilqəm Əsgərov, Şahbaz Quliyevlə bağlı məsələlər qaldırmışam və görmüşəm ki, nə Daniel Bayer, nə digər ölkələrin səfirləri ümumiyyətlə bu haqda məlumatlı deyillər. Bilirsiniz, onlar 2014-cü ildən erməni əsirliyindədirlər, amma Avropa qurumlarının onlar haqda heç bir məlumatı və reaksiyası yoxdur. Onlar Azərbaycanda siyasi məhbuslar dedikdə, insan haqları dedikdə müəyyən qrup insanların hüquqlarını nəzərdə tuturlar. Təbii ki, insan haqları bəşəri bir dəyərdir. Mən də Azərbaycanda kimliyindən asılı olmayaraq siyasi dini mənsubiyyətindən, irqindən, cinsindən, milliyətindən asılı olmayaraq hər kəsin hüquqlarının qorunmasının tərəfdarıyam. Amma nə üçün konkret müxtəlif qruplar, müxalif qruplar olsun, dini cərəyanlar olsun, ancaq bu insanların hüquqları barədə danışılır? Bunun da səbəbi aydındır, çünki həmin qrup insanların özlərini müdafiə etmək və özləri haqda təbliğat aparmaq imkanları genişdir, onların həmin Avropa qrupları ilə kifayət qədər sıx əlaqələri var və özləri haqda istənilən məlumatı operativ şəkildə Avropaya ötürə bilirlər. Məsələn əgər Azərbaycanda hansısa bir müxalif jurnalist həbs olunursa, bir neçə saatdan sonra ABŞ-ın ATƏT-dəki səfiri və ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi, Avropa Şurasının İnsan Hüquqları üzrə ali komissarı öz sosial şəbəkələrdəki hesablarında bu haqda məlumat dərc edirlər. Mən həmin şəxslərin demək olar ki, müxtəlif beynəlxalq tədbirlərdə hamısı ilə görüşmüşəm və onlara sual vermişəm ki, nəyə görə siz kəlbəcərli əsirlər haqqında bircə dəfə də fikir, münasibət bildirməmisiniz? Hətta mən xatırlayıram, 2015-ci ildə Riqa Sammitində mənim Avropa Şurası insan haqları üzrə ali komissarı Nils Mujnekslə təkbətək görüşüm oldu. Mən ona Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sual verəndə o, bildirdi ki, bu haqda onun heç bir məlumatı yoxdur. Dedim necə ola bilər sizin məlumatınız olmasın, mən sizin oturduğunuz Strasburqda, AŞPA-nın binası önündə aksiya keçirmişəm, mənim bu haqda ATƏT-də çoxsaylı çıxışlarım olub. Cənab Mujneks sadəcə onu dedi ki, Dağlıq Qarabağ siyasi məsələdir və biz bu məsələyə qarışmırıq. Yəni bu insanların mövqeyi bu qədər qərəzlidir. Bunlar iki mülki şəxsin hüquqlarından danışmağa çəkinirlər, ya bu onların maraq dairəsində deyil, amma götürsək Xədicə İsmayılova və digər jurnalistlər barədə nəinki danışırlar, hətta təbliğat da aparırlar. Mənim bu həbs olunmuş və ya hüququ pozulmuş digər şəxslərə qarşı heç bir qərəzim yoxdur. Amma əgər söhbət Azərbaycanda insan haqlarından gedirsə, təbii ki, hamıya bərabər şəkildə yanaşmaq lazımdır. Ona görə, mən çıxışımda çalışıram ki, haqlarında danışılmayan şəxslərin hüquqlarından danışım. Əgər ATƏT-də heç kəs kəlbəcərli əsirlərdən danışmırsa, mən də çalışıram ki, mənə ayrılmış 3-4 dəqiqə vaxt ərzində onlardan danışım. Məhz elə buna görə də bəzi həmkarlarım mənim və bizim institutun fəaliyyətini birmənalı qarşılamırlar.

– Yadıma gəlir, Xədicə İsmayıl ATƏT-dəki çıxışınız zamanı oturduğu yerdən durdu və arxasını sizə çevirdi. İndi artıq Xədicə İsmayıl azadlığa buraxılıb. Bu məsələ haqqında fikrinizi bilmək istərdik.

– Bəli, yadımdadır, 2014-cü ilin sentyabr ayı idi. Biz hər il ATƏT-in Varşavada keçirilən zirvə toplantısında İnsani Dəyərlərin Tətbiqi adlı beynəlxalq konfransda iştirak edirdik. Mən orda çıxış edirdim. Ordakı çıxışlar hər gün bir mövzuya həsr olunmuşdu. Bir gün dini inanc azadlığı, bir gün sərbəst toplaşmaq azadlığı, siyasi azadlıqlar, seçkilər və s. Orada Xədicə İsmayıl da iştirak edirdi. Mənim Xədicə İsmayıla münasibətim normaldır. O, Azərbaycan vətəndaşıdır, tanınmış jurnalistdir. Hakimiyyəti tənqid edən yazılar yazır, Azadlıq radiosunun əməkdaşıdır. Ona heç bir mənfi münasibətim yoxdur. Varşavadakı tədbirdə də gördüm. Xədicə İsmayıl öz həmkarları ilə, erməni, gürcü və digər ölkələrdən olan fəallarla birlikdə olduğunu, geyindikləri paltarın üzərində həbs olunmuş həmkarlarının, Emin Hüseynov, İlqar Məmmədov, Leyla Yunus, Anar Məmmədli və digərlərinin fotoları ilə mənə qarşı belə bir hərəkət etmələri məni təəccübləndirdi. Mən onları normal qarşılayıram, amma onların mənim çıxışım zamanı belə bir hərəkət etmələri məni təəssüfləndirdi. Axı mən Azərbaycan dövlətini təmsil etmirəm, rəsmi şəxs deyiləm, vətəndaş cəmiyyətini təmsil edirəm. Mənim çıxışım Ermənistan hakimiyyətinin, Serj Sarkisyanın öz ölkəsində tətbiq etdiyi zorakılıqlarla bağlı idi, yəni mən Cənubi Qafqaz haqqında danışırdım, daha çox Ermənistan üzərinə köklənmişdim. Mən arxamı görmürdüm, onların orada nə etdiklərini görmürdüm, mən 57 ölkənin səfiri qarşısında çıxış edirdim. Mən heç ağlıma gətirmirdim ki, Xədicə İsmayılova belə bir hərəkət edə bilər. Sonradan o fotolara və videolara baxanda çox məyus oldum. Sadəcə həmin gün fotonu paylaşmaqla fikrimi bildirdim ki, biz azərbaycanlı QHT rəhbəri düşmən ölkənin, işğalçı ölkənin siyasəti barədə tənqidi bir çıxış edən zaman Xədicə İsmayıl belə bir hərəkət edirsə, bu milli maraqları tapdaq altına almaqdır və məişət baxımından da bir tərbiyəsizlikdir. Başa düşmürəm, Xədicə İsmayıl Əhməd Şahidova arxasını çevirmıklə nəyə nail olmaq istəyir? Mənimi boykot etmək istəyirdi? Əksinə, 57 ölkənin səfiri diqqətlə məni izləyirdi. Mən həmin gün buna öz etirazımı bildirdim. Daha sonra sosial şəbəkələrdə Xədicə İsmayıl bu haqda yazsa da mən buna heç bir cavab vermədim. Həm onun qadın olması ilə bağlı, xarakter cəhətdən də zərif cinsin nümayəndələrinə qarşı mübarizə aparacaq bir şəxs deyiləm və cavab verib polemikaya girməyi də özümə sığışdırmadım. Sonrakı hadisələr, Xədicə İsmayılın həbsi bu mövzunun mənim üçün qapandığını göstərdi. İndi artıq o, azadlığa çıxıb. Sizin sualınıza cavab olaraq isə, bunun məni sevindirib-kədərləndirdiyinə gəldikdə, mən ümumiyyətlə heç bir kəsin həbsdə olmasını arzulamaram, xüsusən də bir qadının. Xədicə İsmayıl şərti azadlığa çıxıb və mən buna çox sevinirəm. Amma azadlığa çıxandan sonrakı fəaliyyətini izləyirəm. Həbsdən sonra insan heç də islah olunmayıb və əksinə daha aqressiv, Azərbaycan dövlətinə qarşı, milli maraqlara qarşı daha aqressiv, daha düşmən mövqedə dayanıb. Son paylaşımları, son yazışmaları və s. Biz bir şey edə bilmərik, demokratik cəmiyyətdə yaşayırıq, hər bir insanın öz ifadə azadlığı var, amma insanlar da bu azadlığın hədlərini bilməlidirlər.

– Gəlin, Azərbaycanda QHT-lərin vəziyyətindən danışaq. Son vaxtlar bəzi qanunlar qəbul olundu, QHT-lərin fəaliyyətinə tənzimləmələr gətirildi. Bir QHT rəhbəri kimi ölkədə bu təşkilatların fəaliyyətini necə qiymətləndirirsiniz? Çatışmayan nələr var bu sahədə? Qrant layihələrindən danışardınız bir az. Çünki biz bilirik ki, bu təşkilatlar büdcədən maliyyələşmir. Amma istənilən fəaliyyəti həyata keçirmək üçün maliyyə qaynaqları lazımdır. Bu haqda oxucularımıza mümkünsə məlumat verərdiniz.

– Çox maraqlı sualdır. Həm də çox ağrılı bir mövzudur bizim üçün. Bu sahədə də birmənalı fikir bildirmək mümkün deyil. Çünki Azərbaycanda QHT-lərin vəziyyəti həm yaxşıdır, həm də yaxşı deyil. Yəni yaxşıdır hansı qeyri-hökumət təşkilatı üçün, yaxşı deyil hansı üçün…

– Demək istəyirsiniz QHT-lər iki kateqoriyaya bölünürlər?

– Bəli, məncə elə QHT-ləri iki kateqoriyaya bölmək olar və bu heç kim üçün də sirr deyil. Azərbaycanda QHT-lərə Dövlət Dəstəyi Şurası var və həmin şuranın elan etdiyi qrant layihələri normaldır. Baxırıq, onlarla, yüzlərlə QHT-yə dövlət yardımı edilir, amma bu mövzular, mən QHT rəhbəri kimi diqqət yetirirəm, biz az bulanıq görünür mənə. Yalnız adları kağızda olan QHT-lər var, bir şəxsdir, bir onun portfelidir, amma onlara 10 min, 15 min yardım ayırırlar. Onların həyata keçirdikləri layihələr də bir az diaspora ilə bağlı, bir az sosial mövzularla bağlıdır. Məsələn QHT var qrant layihəsi alır sağlamlıqla bağlı, işsizliklə bağlı, bunlar olmalıdır. Ancaq bu məsələlər həm də ayrı-ayrı dövlət qurumlarının, nazirliklərin birbaşa işidir. Təəssüflər olsun ki, bizim təşkilat bu məsələdə digər həmkarlarımızdan geridə qalır. Bizə dövlət tərəfindən heç bir dəstək yoxdur. ADİHİ-nin hardan maliyyələşdiyinə gəldikdə isə, ilk günlər fəaliyyət mənim şəxsi maliyyə imkanlarım üzərində qurulmuşdu. Daha sonra bizim Avropada partnyorlarımız var, Polşada, Avstriyada, Brüsseldə, sonra bizim Qətər Əmirliyində Qətər İnsan Haqları Komitəsi ilə əlaqələrimiz və əməkdaşlıq haqda sazişimiz var. Amma buna baxmayaraq maliyyə imkanlarımız çox məhduddur. Çox istərdim ki, bu sahədə ADİHİ-yə yardım təşəbbüsü olsun, dövlət tərəfindən dəstəklənsin, çünki bizim fəaliyyətimizin bir hissəsi Azərbaycan dövlətinin maraqları ilə üst-üstə düşür. Həm Azərbaycan həqiqətlərinin xaricdə tanınması, diaspora fəaliyyəti, həm də Azərbaycan barədə xaricdə, Avropa mətbuatında birmənalı olmayan, yanlış təsəvvürün dağıdılması istiqamətində fəaliyyət göstəririk. Azərbaycanda bu sahədə fəaliyyət göstərən tək-tük təşkilat var ki, onlardan biri də ADİHİ-dir. Bizə dövlət dəstəyi olsa, çox gözəl olar.

– Yəni QHT forumu və QHT-lərə dəstək şurasından razı deyilsiniz?

– Yox, birmənalı olaraq belə demək olmaz. Mən onların fəaliyyətini heç vaxt yaxından izləməmişəm, ancaq mətbuatdan izləyirəm. Yəni birmənalı demək olmaz.

– Özünüz heç kömək üçün onlara müraciət etmisinizmi?

– Yox, müraciət etməmişəm, çünki ADİHİ hələ dövlət qeydiyyatından keçməyib. Bu da ayrıca bir problemdir.

– Qeydiyyatdan keçmək üçün necə, müraciət etmisiniz?

– Müraciət deyəndə ki, sadəcə maraqlanmışam. Şifahi müraciətim olub. Azərbaycanda bu tipli QHT-lərin qeydiyyata alınması məncə dondurulub.

– Bu hal fəaliyyətinizə mane olmur ki?

– Xeyir, fəaliyyətimizə heç bir maneə törətmir, çünki məni maraqlandıran əsas işdir. Qeydiyyatdan keçmiş yüzlərlə QHT var ki, onlar gördükləri iş sahəsində ADİHİ ilə heç yarışa bilməzlər. Bizim fəaliyyətimiz göz önündədir, bizim təşkilatın 3 dildə fəaliyyət göstərən saytı var. Orda bizim bütün görüşlərimiz, keçirdiyimiz tədbirlər öz əksini tapır. İnanmıram ki, Azərbaycanda 3-4 QHT olsun ki, bizimlə bu sahədə yarışa girə bilsin.

– Bu yaxınlarda birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə əvf elan olundu. Çoxlu sayda insanlar azadlığa buraxıldı. Onların azadlığa çıxmasından sonra yaranan problemlərin həlli ilə kim məşğul olacaq? Bunların içərisində oğrusu var, cinayətkarı var…

– Bu məsələni çox müzakirə edirlər sosial şəbəkələrdə, mətbuatda. Birinci xanımın təşəbbüsü ilə elan olunmuş amnistiya 10 000 insana şamil olunacaq. Amnistiya aktının özünün də şərtləri var. Bu heç də ucdantutma hamıya şamil olunmur. Orada yaşı 60-dan yuxarı olan şəxslər, xəstə, yaşlı qadınlar, ilk dəfə cinayət törətmiş şəxslər, yəni belə məhkumlara şamil olunur. Amnistiya heç də 10 000 adamın hamısının azadlığa çıxması demək deyil. Onlardan bir hissəsinin cəzası yüngülləşəcək. Mən inanmıram ki, bu şəxslərin azadlığa çıxması cəmiyyətdə kriminogen durumu pisləşdirəcək. İnanıram ki, Azərbaycan dövləti təkcə bu amnistiya aktını qəbul etməklə kifayətlənməz, həm də azadlığa buraxılan şəxslərin sosial problemlərinin həlli üçün də addımlar atacaq.

olke– Son zamanlar istər jurnalist dairələrində, istərsə də cəmiyyətdə sizin MTN-lə əlaqələriniz barədə müxtəlif söz-söhbətlər gəzir. Sizi hətta keçmiş MTN-nin intihar etmiş yüksək vəzifəli şəxsi ilə də əlaqələndirirlər. Ümumiyyətlə qalmaqallı Gülər Əhmədova ilə işləməyiniz də sizin bu orqanla sıx bağlı olduğunuz haqda təsəvvürlər yaradıb. Bu haqda nə deyə bilərsiniz?

– Çox maraqlı sualdır. Bilirsiniz, ilk dəfədir bu sualı mənə belə mətbuat səviyyəsində verirlər. Mən sevinirəm ki, mənə bu sualı məhz Ölkə.Az-ın əməkdaşı verir. Heç də hər bir jurnalist belə sualı açıq vermir və bunun özü də cəsarət tələb edir. Azərbaycan demokratik ölkədir və hər bir suala cavab vermək lazımdır.

Bu məsələni mən çox eşitmişəm və açığı yorulmuşam bu mövzudan. Bu haqda dostlarım belə çayxanada oturanda, söhbət edəndə mənə deyirlər. Bilirsiniz, bu kökündən yanlış məlumatdır, heç bir əsası olmadan yayılan şaiyələrdir və heç bir sübuta dayanmayan dedi-qodulardır. Bu dedi-qodunu mən ilk dəfə mətbuatda parlament seçkilərində gördüm. Bilirsiniz ki, mən 112 saylı Qax rayon seçki dairəsindən deputatlığa namizəd idim və qaxlılara öz platformamı açıqlayırdım. Heç bir digər namizədlə, rəqiblə heç bir işim yox idi, amma hamının mənimlə işi vardı. Məni Rusiya prezidenti yanında Dövlət İdarəçilik akademiyasında hüquq təhsili aldığıma görə, Rusiyanın adamı adlandıranlar da var idi. Bilirsiniz mənim qalmaqallı bir “Samir” romanım da vardı. Bu roman cəmiyyətdə birmənalı qəbul olunmadı, çünki insanların çoxu o romanı oxumamışdı. Ona görə məni hətta cinsi azlığın nümayəndəsi adlandıranlar da oldu ki, nə üçün Əhməd “Samir” romanını yazıb. Halbuki mənim 6 romanım işıq üzü görüb və onlardan bəziləri daha vətənpərvər ruhda yazılmış romanlardır, amma heç kəs buna görə məni vətənpərvər adlandırmırdı. Hamı yapışmışdı o “Samir” romanından ki, əgər Əhməd o stilist Samiraldo haqqında roman yazıbsa, deməli onun cinsi azlıqlarla əlaqəsi var. Mən bu şeylərə normal yanaşıram. Seçkilər ərəfəsində ölkənin çox aparıcı bir mətbu orqanında reklam hüququ ilə məqalə çıxmışdı “Kod adı Şahidov”. Mətbu orqanın adını çəkməyəcəm. Mənə dedilər Əhməd bəy, belə bir yazı çıxıb. Orada sizin Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyiniz iddia olunur. Yazı anonim imza ilə yazılmışdı, amma mən qısa araşdırmadan sonra müəllifin kimliyini öyrəndim. Çox tanınmış bir şəxs idi, onun da adını çəkmirəm. Çox təəssüf etdim ki, Azərbaycanda elə əsassız fikirləri mətbuat səhifəsinə çıxarırlar. Amma yenə də dedim olsun, seçkidir, yarış gedir, əgər hüquq müdafiəçisi kimi fəaliyyətimdə bir qüsur tapa bilmirlərsə, deməli məcburdurlar ki, bu əyri yollardan istifadə etsinlər. Bu mənim seçkilərdə rəqiblərimin apardığı iyrənc qara piar idi. Təəssüflər olsun ki, Azərbaycan cəmiyyəti belə qara piara aldanır. Bunlar boş söhbətlərdir. Ortaya sübut qoysunlar. Mən belə şeylərdən narahat olmuram. Əksinə bu cür dedi-qoduların müəyyən yerlərdə mənə köməyi dəyir. İnandırım sizi, müəyyən məqamlarda insanlar məndən gah çəkinirlər, gah qorxurlar.

– Sizdən heç kömək istəyən olubmu ki, Əhməd müəllim, “o tərəflərlə” problemimiz, işimiz var?

– Yox, elə müraciətlər olmayıb. Bilirsiniz bunlar əsassız şeylərdir, gülünc şeylərdir…

– Bilirsiniz, əksəriyyət onu nə ilə əsaslandırır? Onların əksəriyyəti bunu sizin maliyyə qaynaqlarınızla əlaqələndirir. Bu qədər xaricə gedib-gəlmək, orada qalmaq, bütün bunlar xərc tələb edən səfərlərdir. Bu da bəzi adamlarda belə fikirlərin yaranmasına və bu kimi ehtimal nəzəriyyələrinin irəli sürülməsinə gətirib çıxarır.

– Təbii ki, bunlar hamısı aydındır. Mən dedim, maliyyə qaynaqları çox məhduddur. Adam var ki, ona 1000 manat verərsən, heç gedib Brüssel aeroportuna çıxa bilməz, adam da var ki, 1000 manata bütün Avropanı gəzə bilər. Biz öyrəşmişik ki, Bakıdan İstanbula 600-700 manata uçaq. Mən Varşavadan Brüsselə 11 dollara təyyarə bileti almışam. Yəni qənaət etmək mümkündür. Mənim çıxıb cəmiyyət qarşısında maliyyə qaynaqlarımı açıqlamaq kimi bir məcburiyyətim yoxdur. Bu heç etik cəhətdən də düzgün deyil. Sanki kiminsə son model telefonunu görüb ondan soruşursan ki, sənin maaşın çatır bu telefonu almağa? Mən heç kəsdən indiyə qədər bu haqda soruşmamışam və bunu etik cəhətdən düzgün hesab etmirəm. Sadəcə mən minimum imkanlarla maksimum işlər görməyə özümü alışdırmışam. Azərbaycanda belə bir tendensiya var ki, hamı kiməsə, harasa mütləq bağlı olmalıdır. Yəni bu iddialar kökündən yanlışdır. Hazırda adı çəkilən qurum da var, ora müraciət edib Əhməd Şahidovun ora ilə əlaqəsini də dəqiqləşdirmək olar.

– Bildiyiniz kimi, Azərbaycan dövləti diaspora təşkilatlarına külli-miqdarda vəsait ayırır. Özünüz də qeyd etdiniz ki, çoxları Azərbaycanda gedən proseslərdən xəbərsizdir. Əgər bu qədər pullar ayrılırsa, onda diaspora təşkilatları niyə işləmirlər?

– Bilirsiniz ki, Azərbaycanda diasporla iş üzrə Dövlət Komitəsi var və kifayət qədər də fəaliyyət göstərir. Mən bu komitənin fəaliyyətinə qiymət vermək istəməzdim. Bu məsələ müəyyən yerlərdə, müəyyən şəxslərdən asılıdır. Təkrar edirəm ki, mən minimum imkanlarla maksimum işlər görməyə çalışıram, amma bəzi insanların xarakterindənmi əmələ gəlir, yoxsa tənbəldirlərmi, onminlərlə pulu alır xaricdə hansısa tədbiri keçirmək üçün. Gedir ora, yığır başına 10-15 nəfəri bir şəkil çəkdirirlər, qoyurlar internetə və hesabat verirlər ki, Avropada Azərbaycan həqiqətlərinin tanıdılması üçün bir tədbir keçirdik. Buna görə onlara heç kim heç nə demir. Amma Əhməd məhdud imkanlarla ən nüfuzlu beynəlxalq təşkilatlarda tədbirlər keçirir, ATƏT, Avropa Şurası, BMT-nin Cenevrə ofisində dəfələrlə çıxışlar edir. Bilirsiniz, bu çox ağrılı bir məsələdir. Bu suala dəqiq cavab da vermək olmur. Buna Əhməd cavab verə bilməz. Bu hər bir insanın öz vicdanından asılıdır. Mən, məsələn, xatırlayıram 2014-cü ildə Polşada Ermənistan səfirliyi qarşısında aksiya keçirmək təşəbbüsü irəli sürdüm. Varşava polisindən 1 saatlıq aksiya üçün icazə də aldıq. Mən ora 30-40 nəfər azərbaycanlı çağırdım, hətta polyakları da çağırdım. Onlardan bəziləri dedi ki, biz Varşavadan kənarda yaşayırıq, mən onlara 30-40 avro yol pullarını verdim, biri gəldi dedi ki, problemim var, ona 50 avro verdim. Məni o pul maraqlandırmır, mən çalışdım ki, o aksiya baş tutsun, mən orda tək olmayım. Həmin aksiyanın təşkilinə mənim hardasa 1000-1200 avro pulum çıxdı. Yəni mən həmin pulu özümə, övladıma, evimə də xərcləyə bilərdim. Aksiyadan sonra insanlara necə deyəsən ki, çıxın gedin. Oturub bir məclisdə bir tikə çörək yeyib-içirik. Avropa kimi yerdə təsəvvür edin ki, 30 nəfərin süfrəsinin pulu hardasa 500 avro edir. Bunu reklam etmirəm, siz mövzunu açdınız, ona görə dedim. Bu mənim içimdən gələn bir şeydir. Adam da var ki, diaspora komitəsindən külli miqdarda pul alır, cibinə qoyur, özünə, qohumlarına xərcləyir, onlarla şəkil çəkdirir.

– Sözlərinizdən belə başa düşdüm ki, Azərbaycan mediasının işindən də tam razı deyilsiniz…

– Azərbaycan mediası deyildikdə… Bilirsiniz, həyatda hər şeydən razı olacaq adam deyiləm, amma…

– Yəni medianın çatışmayan cəhətləri… Xaricdə çox olan bir adam kimi ora ilə müqayisədə mediamızı necə görmək istərdiniz?

– Baxın, mən bu aprel döyüşləri vaxtı xarici mediaya baxırdım. Əl-Cəzirəyə baxırdım. Gördüm ki, qondarma Dağlıq Qarabağın ABŞ-dakı nümayəndəsi bu kanalda danışır. Ekranın aşağısında da subtitrlərdə gedir ki, “Azərbaycan Dağlıq Qarabağa hücum edib”. Bu mənə pis təsir etdi və mən Qətərdəki partnyorlarımızla əlaqə saxladım və yazdım ki, bu, mənim ölkəm haqqında düzgün məlumat deyil. Oradan mənə dedilər ki, əgər istəyirsənsə Əl-Cəzirəni göndərək Azərbaycana, sənin hə deməyin lazımdır və onları cəbhə bölgəsinə aparmağı öz üzərinə götürürsən. Mən çox sevindim, dedim gəlsinlər. Mən onları qarşıladım aeroportda, getdik Tərtərə, Qapanlı kəndinə, Tapqaraqoyunluda çəkilişlər aparıldı. Əl-Cəzirə ababic kanalında dalbadal 8 reportaj getdi. Sonra mənə məlumat verdilər ki, bu 8 reportaja üst-üstə 450 milyon izləyici baxıb. Burada məndən bir şey getmədi. Onlar üçün əsas məlumatın olmasıdır. Onlar mənim təşəbbüsümü və təklifimi dəyərləndirdilər, gəldilər, məlumatı aldılar və yayımladılar. Azərbaycan mətbuatında isə belə bir şey yoxdur. Azərbaycan mətbuatı, jurnalistlər çox aqressivdirlər. Mən başa düşürəm, bəlkə də bu aqressiya onların üzləşdikləri problemlərlə bağlıdır və onlar bu aqressiyanı kimlərinsə üzərinə tökmək istəyirlər. Məsələn, Azərbaycanda qalmaqallı istefalar, həbslər, məhkəmə prosesləri olur, xüsusən də hakimiyyətyönümlü insanlar. Müəyyən uğurları olan insanlara mətbuat həmişə aqressiv yanaşır. Misal üçün göstərmək olar, Prezident administrasiyasının şöbə müdiri var idi Elnur Aslanov. Mən Elnur Aslanovu kifayət qədər uğurlu gənc kadr kimi görürdüm və indi də elə görürəm. Ən azı onun gənclərlə bağlı həyata keçirdiyi layihələr, xaricdə həyata keçirdiyi layihələr, amma bir anın içində onunla bağlı başladılar kampaniya aparmağa, az qala elə qələmə verdilər ki, Elnur Aslanov Azərbaycanın düşmənidir, Amerika kəşfiyyatının agentidir. Hər bir uğurlu adama qarşı kampaniya aparmaq aqressiyası var Azərbaycan jurnalistlərində. Onun haqqında yazılmayan şeylər qalmadı mətbuatda. Elnur Aslanov nə qədər səbrli idi, nə qədər təvazökar idi ki bu yazılanların heç birinə cavab vermədi. Amma yazılanları oxuduqca adam deyirdi ki, yəqin ölkənin bütün problemlərinin səbəbi elə budur. ABŞ kəşfiyyatına işləyir, buradakı dini cərəyanların imamıdır və s. Və yaxud digər bir həbs olunan şəxs barədə. Mən öz təcrübəmdən deyirəm, millət vəkilinin köməkçisi olmuşam, ona (Gülər Əhmədova) qarşı qaldırılan ittihama heç bir fikir bildirmək istəmirəm, ona qarşı da eyni aqressiyanın şahidi olduq. Mətbuat bu məsələni onun cəza almasına qədər aparırdı. Əlbəttə günahı varsa cəza alacaq, ancaq mətbuatın bundan nə qazanacağı maraqlıdır. Kiminsə barəsində məhkəmənin qüvvəyə minmiş qərarı yoxdursa, mətbuatda bu adamı asıb-kəsmək, buna qatil demək, cinayətkar demək.. Bu aqressiya jurnalistlərdə haradandır, mən bunu başa düşə bilmirəm.

olke1– Siz yəqin bilirsiniz ki, bunların çoxu jurnalistlərin heç də şəxsi təşəbbüsü deyil…

– Əlbəttə, bu belədir və mən də bunu başa düşürəm. Sözümü ona gətirirəm ki, Azərbaycanda bir çox təşkilatlar, media qurumları haradansa maliyyələşirlər. Əgər bu maliyyələşmə varsa, deməli həmin təşkilata yön verən qüvvələr də var. Deməli əgər mən hansısa qəzetə maliyyə ayırıramsa, deməli onun ana konturlarını da mən müəyyənləşdirirəm. Qarşı tərəf mənə hücum edirsə, mən də öz nəzarətimdə olan jurnalistlər və media orqanı vasitəsi ilə buna cavab verirəm və savaş başlanır. Savaş olan yerdə isə ədalət hissi itir, obyektiv informasiya itir. Mən bunu Qaxdakı seçkilərdə gördüm. Bir çox xəbər saytları mənim haqqımda uydurma şeylər yazdılar. Mən bunu normal qarşılayıram. Puldur, verir, deyir Əhməd Şahidovu pislə…

– Təşkilatınızın gələcəyini necə görürsünüz?

– Gələcək fəaliyyətimizi davam etdirmək niyyətindəyik. Artıq 2 yaşımız tamam olur. Bundan sonra da xaricdə, beynəlxalq təşkilatlarda da Azərbaycanın haqlı mövqeyini tanıtmaqda davam edəcəyik. Çox böyük, uzun planlar qurmuram, amma çalışacağıq ki, 2 yaşında olan ADİHİ-nin fəaliyyətini daha da gücləndirək. Çatışmayan cəhətimiz odur ki, Azərbaycan daxilində fəaliyyət göstərə bilmirik. Bu isə bu sahədə həmkarlarımıza nisbətən təcrübəsiz olmağımızdan irəli gəlir. Çalışacağıq ki, bundan sonra ölkə daxilində də fəaliyyətimizi genişləndirək.

– Fəaliyyətinizdə sizə uğurlar arzulayırıq.

– Çox sağolun, təşəkkür edirəm.

Xəbərlər

Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb